AXA-MBASK
AXA-MBASK

NƏQLIYYAT VASITƏLƏRI SAHIBLƏRININ MÜLKI MƏSULIYYƏTININ ICBARI SIĞORTASI ÜZRƏ ÖDƏNIŞIN HƏYATA KEÇIRILMƏSI PROSEDURU

1-ci mərhələ. Hadisə barədə ilkin məlumatın toplanması.

1.1. Qəza komissarı “növbətçi nömrə” vasitəsilə hadisə barədə məlumatı alır.

Qəza komissarı hadisə yerinə çıxış edir:

Hadisə yerinə baxış keçirilir, avtonəqliyyat vasitələrinin və sürücülərin sənədlərinin şəkilləri çəkilir.
Şübhə yaranan hallarda komissar sürücülərin spirtli içki və ya narkotik vasitə qəbul edib etməməsini yoxlamaq məqsədilə müstəqil ekspertiza təşkil edə bilər.
Qəza komissarı operativ raport tərtib edir və tərəflər operativ raportu imzalamaqla sığorta hadisəsinin baş verməsini və tələblərini təsdiqləyirlər.
Əgər sığorta ödənişi həyata keçirildikdən sonra Sığortalıya qarşı subroqasiya hüququ yaranacaqsa qəza komissarı bu barədə sığortalıya hadisə yerində məlumat verməlidir.
Qəza komissarı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayış” formasını sığortalıya təqdim edir, onu Dövlət Yol Polisinə təqdim edərək orada doldurulub, möhürlə təsdiqlətdikdən sonra Sığorta şəhadətnaməsinin əsli ilə birlikdə Şirkətə təqdim etməsini bildirir.
Qanunvericilikdə nəzərdə tutulan hallara uyğun olarsa qəza komissarı yol-nəqliyyat iştirakçılarının tərəflərinə hüquq-mühafizə orqanlarından sənədləşdirmə tələb olunmadan “yol-nəqliyyat hadisəsinin iştirakçılarının tərtib etdiyi protokol”u tərtib edərək Şirkətə təqdim etmələrini təklif edir. Bu halda “yol-nəqliyyat hadisəsinin iştirakçılarının tərtib etdiyi protokol” hadisənin iştirakçıları tərəfindən doldurulur.
Qəza komissarı zərərə məruz qalmış avtomobili hadisə yerindən razılaşdırılmış təmir müəssisələrinə və ya sürücünün seçdiyi təmir müəssisəsinə (Sığorta Ödənişləri üzrə Əməliyyat İdarəsinin müdirinin razılığı ilə) yönəldir.
Qəza komissarı operativ raportu, qəza şəkillərini, hüquq-mühafizə orqanlarına göndərilmiş sorğunun surətini və digər sənədləri sığorta işinin açılması üçün Müştəri Xidmətləri Departamentinə təqdim edir.

1.2. Müştəri hadisə barədə məlumat vermək üçün birbaşa şirkətə gəlir.

Müştəri Xidmətləri Departamentinin mütəxəssisi sürücülərin sənədlərinin surətini çıxardır (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi və s.) və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayış” formasını sığortalıya təqdim edir, onu Dövlət Yol Polisinə təqdim edərək orada doldurulub, möhürlə təsdiqlətdikdən sonra Sığorta şəhadətnaməsinin əsli ilə birlikdə Şirkətə təqdim etməsini bildirir.
Müştəri Xidmətləri Departamentinin mütəxəssisi Müştəri Xidmətləri Departamentinin müdirini gec verilmiş informasiya (eyni zamanda müştərinin hadisə yerindən məlumat vermədiyi hallar) və tələbin detallarını ilə bağlı məlumatlandırır.
Müştəri Xidmətləri Departamentinin müdiri baş vermiş hadisə ilə bağlı araşdırma aparılması üçün qəza komissarını təyin edir.

2-ci mərhələ. İşin açılması.

1. Müştəri Xidmətləri Departamentinin mütəxəssisi qəza komissarının təqdim etdiyi sənədlər və məlumatlar əsasında sığorta işi açır, ona nömrə verir, məlumat bazasına daxil edir və müştəri ilə ilkin əlaqə saxlayaraq avtomobilin harada olması ilə bağlı məlumat əldə etdikdən sonra icraçının təyin edilməsi üçün Sığorta Ödənişləri üzrə Əməliyyat İdarəsinin müdirinə təqdim edir.
2. Sığorta Ödənişləri üzrə Əməliyyat İdarəsinin müdiri işin icraçısını – Sığorta Ödənişləri Şöbəsinin mütəxəssisini təyin edir.
3. Sığorta Ödənişləri Şöbəsinin mütəxəssisi mühasibatlıqdan müqavilə üzrə ödənişin edilməsi və müqavilənin qüvvədə olması ilə bağlı məlumatı əldə edir. Məlumatların təsdiq olunduğu 1C çıxarışı işə əlavə olunur.

3-cü mərhələ. Məlumatın təhlil olunması və hadisə barədə qərar.

1. Sığorta Ödənişləri Şöbəsinin mütəxəssisi toplanmış məlumatı təhlil edir. Zəruriyyət yaranarsa Sığorta Ödənişləri Şöbəsinin mütəxəssisi hadisə ilə bağlı qəza komissarlarını da cəlb etməklə əlavə araşdırma həyata keçirə bilər.
2. Sığorta Ödənişləri Şöbəsinin mütəxəssisi avtomobilə dəyən ziyanın qiymətləndirilməsi üçün qiymətləndirmə şirkətinin əməkdaşlarını məlumatlandırır.
3. Müştəri sığorta şəhadətnaməsinin əslini və tələb olunan sənədləri Şirkətə təqdim edir. Əgər müştərinin sığorta şəhadətnaməsi yoxdursa o dublikatın əldə edilməsi üçün Müştəri Xidmətləri Departamentinə yönəldirilir.
4. Sığorta Ödənişləri Şöbəsinin mütəxəssisi hadisə ilə bağlı ilkin qərarı (sığorta hadisəsi olub olmaması barədə) sonuncu sənəd təqdim edildikdən 2 gün ərzində qəbul etməlidir.
5. Sığorta Ödənişləri Şöbəsinin mütəxəssisi hadisə ilə bağlı qərarın təsdiqlənməsi üçün Sığorta Ödənişləri üzrə Əməliyyat İdarəsinin müdirinə təqdim edir.
6. Sığorta Ödənişləri üzrə Əməliyyat İdarəsinin müdiri hadisə ilə bağlı qərar qəbul etdikdən sonra Sığorta Ödənişləri Şöbəsinin mütəxəssisi dərhal sığortalı və faydalanan şəxs (zərərçəkən) ilə əlaqə saxlayır və qəbul edilmiş qərarla bağlı məlumat verir.
7. Əgər hadisə ilə bağlı imtina qərarı qəbul olunarsa, Sığorta Ödənişləri Şöbəsinin mütəxəssisi imtina məktubu hazırlayır, məktub Sığorta Ödənişləri üzrə Əməliyyat İdarəsinin müdiri imzalandıqdan sonra Sığortalıya ünvanlanır. Məktub ünvanlandıqdan sonra iş bağlanması üçün Müştəri xidmətləri departamentinə təhvil verilir.

4-cü mərhələ. Zərərə məruz qalmış əmlakın qiymətləndirilməsi/təmiri.

1.Qiymətləndirmə şirkətinin mütəxəssisi 1 gün ərzində avtomobilin yerləşdiyi təmir müəssisəsinə gedir, zərərə məruz qalmış hissələrin fotoşəkillərini çəkir.
2.Təmir müəssisəsinin nümayəndələri qiymətləndirmə şirkətinin mütəxəssisi ilə birgə avtomobilə dəymiş ziyanı qiymətləndirir və aktlaşdırır.
3.Tərtib edilmiş akt Sığorta Ödənişləri Şöbəsinin mütəxəssisinə təqdim edilir.
4.Zərər qiymətləndirildikdən sonra faydagötürən şəxsə 2 seçim təklif edilir:
- Faydagötürən şəxs sığorta ödənişini alaraq avtomobili digər təmir müəssisəsində təmir etdirə bilər.
- Faydagötürən şəxs avtomobili Sığorta Şirkətinin əməkdaşlıq etdiyi təmir müəssisələrində təmir etdirə bilər. Bu halda qiymətləndirmə şirkətinin mütəxəssisləri avtomobilin təmirinə nəzarət edir.

5-ci mərhələ. Ödənişin həyata keçirilməsi.

1.Sığorta Ödənişləri Şöbəsinin mütəxəssisi sığorta haqqını və Sığorta ödənişinin verilməsinə dair sərəncamı hazırlayaraq təsdiq üçün Sığorta ödənişləri üzrə Əməliyyat İdarəsinin müdirinə təqdim edir.
Qeydlər:
1.Əgər hadisə üzrə subroqasiya hüququ mövcuddursa, sığorta aktı Hüquq və Subroqasiya şöbəsinin mütəxəssisi tərəfindən də imzalanmalıdır.
2. Əgər sığorta ödənişinin məbləği 3000 manatdan yuxarı olarsa, sığorta ödənişinin verilməsinə dair sərəncam təsdiqlənmə üçün Maliyyə və İT işləri üzrə direktora təqdim edilməlidir.
3.Sığorta Ödənişləri Şöbəsinin mütəxəssisi faydagötürən şəxslə əlaqə saxlayır və ödənişin vaxtını təyin edir (iş günləri ərzində saat 9:00-dan 17:00-a kimi).
4.Faydalanan şəxs təyin olunmuş vaxta Şirkətə gəlir və sığorta ödənişini qəbul edir.

6-cı mərhələ. İşin bağlanması.

1.Ödəniş həyata keçirildikdən sonra mühasibatlıq sığorta işini Müştəri Xidmətləri Departamentinə təqdim edir. Müştəri Xidmətləri Departamentinin mütəxəssisi məlumat bazasına müvafiq məlumatları daxil edərək sığorta işini bağlayır və arxivə yerləşdirir.
2.Əgər iş üzrə subroqasiya hüququ mövcuddursa Müştəri Xidmətləri Departamentinin mütəxəssisi işi “Hüquq və subroqasiya” şöbəsinə təhvil verir.